BAKI, AzerVoice
ABŞ nümayəndə heyəti Ukraynanın gələcəyini müzakirə etmək üçün Parisdə Avropa liderləri ilə görüşür
AzerVoice xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio və xüsusi nümayəndə Stiv Vitkoff, Ukraynanın gələcək təhlükəsizliyini müzakirə etmək üçün Fransanın paytaxtı Parisdə Avropa liderləri ilə görüşüblər. Görüşdə, Fransa prezidentinin diplomatik müşaviri Emmanuel Bonne və Almaniyanın milli təhlükəsizlik müşaviri Yens Plotner də iştirak ediblər.
Danışıqlar, Ukrayna prezidenti Volodimir Zelenskinin müşaviri Andrey Yermak, xarici işlər naziri Andriy Sıbiha və müdafiə naziri Rustem Umerovun yer aldığı Ukrayna nümayəndə heyətinin iştirakı ilə keçirilib. Yermak bu görüşləri "təhlükəsizliyə zəmanət verə biləcək koalisiya dövlətlərinin nümayəndələri ilə ikitərəfli və çoxtərəfli görüşlər silsiləsi" olaraq xarakterizə edib.
Rubio və Vitkoffun görüşlərində Ukraynanın müharibə sonrası təhlükəsizliyinə dair strateji məsələlər müzakirə edilib, həmçinin gələcək sülh sazişlərində Ukraynanın rolunun gücləndirilməsi məqsədilə birgə fəaliyyət planları hazırlanıb. Bununla yanaşı, "istəklilər koalisiyası" çərçivəsində Böyük Britaniya, Fransa və digər ölkələr tərəfindən təklif olunan Ukraynanın təhlükəsizlik qüvvələrinin gücləndirilməsi məsələsi də gündəmə gəlmişdir.
Qeyd edək ki, ABŞ-ın və digər koalisiya ölkələrinin Ukrayna üçün müharibəyə qarşı çəkindirici tədbirlər görməsi və Rusiyaya qarşı müdafiə qabiliyyətinin artırılması məqsədilə bu danışıqlar davam etməkdədir.