BAKI, AzerVoice
İran-ABŞ danışıqları Romaya keçirilir.
AzerVoice xəbər verir ki,
İran daha əvvəl aprelin 19-da Omanda keçiriləcəyi açıqlanan ABŞ-la
dolayı danışıqların ikinci raundunun İtaliyanın paytaxtı Romada
keçiriləcəyini bəyan edib.
Danışıqlarda iştirak edəcək İran xarici işlər nazirinin müavini
Kazem Qəribabadi danışıqların yerinin dəyişməsinin əsas məsələ
olmadığını, bunun yalnız texniki səbəblərlə bağlı olduğunu
bildirib.
Qəribabadi qeyd edib ki, Romada keçirilməsi qərarı tərəflərdən birinin məsafə və logistika baxımından etdiyi təklif əsasında qəbul edilib. “Oman bizə yaxındır, amma qarşı tərəfdən uzaqdır. Məsafənin bərabərliyi nəzərə alınıb”, – deyə o əlavə edib.
İran rəsmisi vurğulayıb ki, Omanın vasitəçi ölkə kimi rolu dəyişməyəcək və yer dəyişikliyi danışıqların məzmununa təsir göstərməyəcək. “Əgər təklif olunan ölkə İranla ciddi siyasi problemi olmayan bir ölkədirsə, biz buna müsbət yanaşırıq”, – deyə o bildirib.
Qeyd edək ki, ABŞ və İran arasında dolayı danışıqların məqsədi bölgədə gərginliyin azaldılması və diplomatik əlaqələrin yenidən qurulması imkanlarının araşdırılmasıdır. Danışıqların ilk mərhələsi də Omanda baş tutmuşdu.