Əsas səhifə » Meloni Trampla tarif və təhlükəsizlik məsələlərini müzakirə edəcək

Meloni Trampla tarif və təhlükəsizlik məsələlərini müzakirə edəcək

BAKI, AzerVoice

Meloni sabah Trampla Ağ Evdə tarifləri və beynəlxalq gündəmi müzakirə edəcək

AzerVoice xəbər verir ki, İtaliyanın baş naziri Giorgia Meloni sabah Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüşəcək.

Görüşdə əsas müzakirə mövzusu Tramp administrasiyasının son dövrlərdə gündəmə gətirdiyi yeni gömrük tarifləri olacaq.

İtaliya Baş Nazirliyinin həftəlik proqramına əsasən, Meloni aprelin 17-də Vaşinqtonda Trampla görüşəcək, daha sonra isə İtaliyaya qayıdaraq Pasxa bayramı münasibətilə Romada ABŞ-ın vitse-prezidenti J.D. Vansı qəbul edəcək.

İtaliya mətbuatı Meloninin ABŞ-a səfərini gömrük tariflərinin AB ilə münasibətlərə mümkün təsiri baxımından xüsusi izləyir. ABŞ-Avropa İttifaqı münasibətləri, müdafiə xərcləri, Rusiya-Ukrayna müharibəsi, enerji təhlükəsizliyi və Çinlə əlaqələr də gündəlikdə olacaq.

Meloni daha əvvəl Trampın Parisdə keçirilən Notr-Dam açılışında, Florida malikanəsində və andiçmə mərasimində iştirak etmiş yeganə Avropa lideridir. Bu səbəbdən, onun Tramp üzərində təsir gücünün sınağa çəkiləcəyi görüş kimi qiymətləndirilir.

Baş nazir dünən Romada keçirilən tədbirdə çıxışı zamanı görüşə istinad edərək, “Gəlin yaxın saatlarda vəziyyətin necə inkişaf edəcəyini görək. Çətin zamandır”, – deyə bildirib və tariflə bağlı əllərindən gələni edəcəklərini vurğulayıb.

Qeyd edək ki, İtaliya mətbuatının yazdığına görə, səfər öncəsi Meloni koalisiya ortaqları — baş nazir müavinləri Antonio Tajani və Matteo Salvinidən, eləcə də nazirlərdən səfər zamanı mübahisəli bəyanatlardan çəkinməyi xahiş edib. “La Stampa” və “Il Messaggero” qəzetləri Brüsselin Vaşinqtonun niyyətlərini tam anlaya bilmədiyini yazır və Meloninin ABŞ-AB tarif dialoquna körpü rolu oynaya biləcəyini bildirir.

Digər Kateqoriyalar

2025 © Azervoice