BAKI, AzerVoice
Çində “dünyanın ən hündür körpüsü” açılır.
AzerVoice xəbər verir ki, Çin iyun
ayında dünyanın ən hündür körpüsü olan Huajiang Grand Canyon
Körpüsünü istifadəyə verməyə hazırlaşır.
Çinin cənub-qərbində yerləşən Guizhou əyalətində inşa edilən bu
nəhəng infrastruktur layihəsi mühəndislik baxımından rekordları
alt-üst edəcək.
Körpünün çay səviyyəsindən 625 metr hündürlüyə qalxacağı, bununla da Fransadakı Millau viyadükünü xeyli geridə qoyacağı bildirilib. Ümumi uzunluğu 2.890 metr olan polad truss asma körpünün tikintisinə 2022-ci ilin yanvarında başlanılıb və 2025-ci ilin iyununda tamamlanması planlaşdırılır.
Tikinti işlərinin 95 faizi artıq başa çatdırılıb. Körpü istifadəyə verildikdən sonra ərazidən keçən səyahət müddəti iki saatdan cəmi bir dəqiqəyə qədər azalacaq.
Körpünün truss hissəsinin çəkisi isə təxminən 22 min ton təşkil edir – bu da üç Eyfel qülləsinin çəkisinə bərabərdir.
Qeyd edək ki, bu layihə yalnız mühəndislik baxımından deyil, həm də iqtisadi və logistik baxımdan böyük əhəmiyyət daşıyır. Guizhou əyaləti mürəkkəb relyefi ilə tanınır və bu cür layihələr regionun inkişafına və daha əlçatan olmasına töhfə verir. Hazırda dünyanın ən hündür 100 körpüsünün təxminən yarısı da məhz bu bölgədə yerləşir.