BAKI, AzerVoice
İndoneziya ABŞ-da təhsil alan tələbələrə sosial media xəbərdarlığı edib.
AzerVoice xəbər verir ki, İndoneziya
hökuməti ABŞ-da yaşayan və təhsil alan vətəndaşlarına sosial
mediadan ehtiyatla istifadə etmələri ilə bağlı xəbərdarlıq
edib.
Los-Ancelesdəki Baş Konsulluğun yaydığı açıqlamada tələbələrin
sosial media fəaliyyətlərinin ABŞ immiqrasiya orqanları tərəfindən
ciddi şəkildə izlənildiyi bildirilib.
Konsulluğun bəyanatında tələbələrə "yanlış təsəvvürlərə və ya hüquqi nəticələrə səbəb ola biləcək paylaşımlardan çəkinin" çağırışı edilib. Eyni zamanda bildirilib ki, tələbələr müvafiq icazə olmadan işə başlamamalı və təhsil vizalarının tələblərinə tam şəkildə əməl etməlidirlər.
Xəbərdarlıqda F-1 və ya J-1 vizaları ilə ABŞ-da olan tələbələrin federal və əyalət qanunlarını pozmaqdan çəkinməli olduğu xüsusi olaraq vurğulanıb. Konsulluq tələbələri immiqrasiya qanunlarına tam uyğun davranmağa və “təhsil ruhunu qorumağa” çağırıb.
Qeyd edək ki, İndoneziya hökuməti bu addımı ABŞ-da yerləşən tələbələrin mümkün deportasiya, həbs və ölkəyə giriş qadağası kimi hüquqi fəsadlarla üzləşməməsi üçün atıb. Rəsmi orqanlar hər cür hüquqi və inzibati yardım göstərməyə hazır olduqlarını bildiriblər.