BAKI,AzerVoice
ABŞ-ın vitse-prezidenti Cey Di Vens Ukrayna Prezidenti Volodimir Zelenskinin Vaşinqton haqqında dediklərini absurd adlandırıb.
AzerVoice xəbər verir ki, Zelenskinin ABŞ hökumətini rusların tərəfində olmaqda ittiham etməsinin tamamilə əsassız olduğunu deyən Vens bildirib ki, bu cür ittihamlar məntiqə uyğun deyil.
Vens bəyanatında ABŞ-ın həm Rusiyanın, həm də Ukraynanın strateji “qırmızı xətlərini” başa düşməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, yalnız bu yolla münaqişənin dayandırılması mümkündür.
“Bu, Rusiyanın mövqeyini mənəvi cəhətdən dəstəkləmək və ya tammiqyaslı işğalı müdafiə etmək demək deyil. Sadəcə, Moskvanın strateji hədlərinin nə olduğunu anlamağa çalışmaq lazımdır. Eləcə də ukraynalıların bu münaqişədən nə əldə etmək istədiklərini başa düşmək vacibdir” – deyə Vens bildirib.
Xatırladaq ki, daha əvvəl Zelenski ABŞ vitse-prezidenti Cey Di Vensi Rusiyanı dəstəkləməkdə və Rusiya rəhbərliyinin ona təsir göstərmək cəhdlərində ittiham edib.