BAKI, AzerVoice
Yaponiya hökuməti, ABŞ Prezidenti Donald Trampın gömrük rüsumlarını 90 gün müddətinə dayandırmaq qərarını müsbət qiymətləndirib.
AzerVoice xəbər verir ki, bu barədə Yaponiya mətbuatı məlumat verib.
Məlumata əsasən, Yaponiya Nazirlər Kabinetinin baş katibi Hayaşi Yoşimasa keçirdiyi mətbuat konfransında bildirib ki, ABŞ-ın rüsum tətbiq etmək qərarının iki ölkə arasındakı iqtisadi münasibətlərə təsiri ilə bağlı narahatlıqlarını ABŞ tərəfinə çatdırıblar və bu qərarın yenidən nəzərdən keçirilməsini istəyiblər.
Hayaşi, Vaşinqton hökumətini polad, alüminium, avtomobillərə tətbiq olunan digər rüsumları da yenidən nəzərdən keçirməyə təşviq etməyə davam edəcəklərini bildirib.
Yaponiya Baş naziri İşiba Şigeru da verdiyi açıqlamada, ABŞ-ın yüksək gömrük rüsumlarının ölkəsinin ixracyönümlü iqtisadiyyatına təsirini azaltmaq üçün mümkün olan bütün addımların atılacağını bildirib.
Baş nazir İşiba, ABŞ ilə tarif məsələsinin müzakirə olunacağı nazirlər səviyyəsində danışıqlara hazırlaşdıqlarını bildirib.
Qeyd edək ki, Tramp 2 aprel tarixində ABŞ-ın digər ölkələrə qarşı rüsumlar tətbiq edəcəyini açıqlamışdı. Çinə qarşı rüsumları 125 faizə qədər artıran Tramp, digər ticarət tərəfdaşları üçün əlavə rüsumların 90 gün müddətinə dayandırıldığını bəyan etmişdi.