BAKI, AzerVoice
Aİ ABŞ-a qarşı tarif tədbirlərini 90 gün müddətinə dayandırır
AzerVoice xəbər verir ki, Avropa
İttifaqı ABŞ-ın polad və alüminium idxalına tətbiq etdiyi gömrük
tariflərinə qarşı planlaşdırılan cavab tədbirlərini 90 gün
müddətinə dayandıracaq.
Bu qərar ABŞ Prezidenti Donald Trampın əlavə tarifləri müvəqqəti
dayandıracağını elan etməsindən sonra verilib.
Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen bildirib ki, üzv dövlətlərin güclü dəstəyini nəzərə alaraq, danışıqlara şans vermək üçün Aİ əks tədbirləri 3 ay müddətinə təxirə salır. O, həmçinin əlavə edib ki, “danışıqlarda irəliləyiş əldə olunmasa, bütün cavab variantları masa üzərində qalacaq”.
Qeyd edək ki, Tramp Çin mənşəli mallara tətbiq olunan gömrük rüsumlarını 125 faiz artırdığını açıqlayıb və 75-dən çox ölkənin nümayəndəsinin gömrük tarifləri ilə bağlı danışıqlara maraq göstərdiyini qeyd edib. ABŞ prezidenti, bu ölkələrə jest olaraq əlavə tariflərin 90 gün müddətinə dayandırıldığını və qarşılıqlı tariflərin bu müddətdə 10 faizə endiriləcəyini bildirib.
Qeyd edək ki, Aİ ötən gün ABŞ-ın polad və alüminiuma 25 faizlik tariflərinə qarşı ilk əks tədbirləri həyata keçirmək qərarı almışdı. Komissiyanın açıqlamasında bildirilib ki, bu tariflər həm Aİ, həm ABŞ, həm də qlobal iqtisadiyyata zərər verir. Əks tədbirlərin 15 aprel tarixindən qüvvəyə minəcəyi qeyd olunmuşdu.