Əsas səhifə » Fransa məktəblərdə mobil cihazları yığışdırır

Fransa məktəblərdə mobil cihazları yığışdırır

BAKI, AzerVoice

Fransa məktəblərdə mobil telefon qadağasını sərtləşdirir.

AzerVoice xəbər verir ki, Fransada orta məktəblərdə şagirdlərin mobil telefondan istifadəsinə dair qaydalar sentyabrdan etibarən daha da sərtləşdiriləcək.

Yeni reqlamentə əsasən, 11-15 yaşlı şagirdlər dərs başlamazdan əvvəl telefonlarını xüsusi qutulara və ya şkaflara qoymalıdırlar, məktəbdən çıxana qədər onlara daxil ola bilməyəcəklər.

Fransa təhsil naziri Elizabet Born Senata açıqlamasında bildirib ki, bu addım uşaqların rifahı və təhsil uğurları naminə atılıb. “Ekran istifadəsinin zərərləri artdıqca, bu tədbir həm akademik, həm də sosial baxımdan zəruridir” - deyə o bildirib.

Qeyd edək ki, 2018-ci ildən qüvvədə olan əvvəlki qaydalar şagirdlərin telefonlarını çantalarda saxlamasını və məktəb ərazisində istifadə etməməsini tələb edirdi. Lakin yeni tətbiqə əsasən, cihazlar gün ərzində tamamilə əlçatmaz olacaq.

Pilot layihə 100 məktəbdə sınaqdan keçirilib və nəticələr həm müəllimlər, həm də valideynlər tərəfindən müsbət qarşılanıb. Məktəb rəhbərləri cihazların saxlanması üçün uyğun sistemi – şkaf, qutu və ya kilidli bölmə – seçməkdə sərbəst olacaqlar.

Qeyd edək ki, Fransa hökuməti uşaqların ekran qarşısında keçirdiyi vaxtı azaltmaq və sosial mediaya çıxışı məhdudlaşdırmaq üçün əlavə tövsiyələr də təqdim edib. Prezident Emmanuel Makronun təşəbbüsü ilə hazırlanan hesabatda 13 yaşa qədər smartfon istifadəsinə, 18 yaşa qədər isə sosial media platformalarına girişə məhdudiyyətlər təklif olunub.

Digər Kateqoriyalar

2025 © Azervoice