BAKI, AzerVoice
Trampın siyasəti işçi sinfinə birbaşa zərər verir
AzerVoicexəbər verir ki, ABŞ senatoru
Bernie Sanders prezident Donald Trampın xarici ticarət və daxili
siyasətlərinə sərt reaksiya verib.
CNN kanalında canlı yayımda Anderson Kuperin moderatorluğu ilə
çıxış edən Sanders, Trampın gömrük tarifləri və idarəçilik
metodlarını tənqid edib.
Senator bəzi məhsullara tətbiq edilən tariflərin faydalı ola biləcəyini etiraf etsə də, Trampın demək olar ki, bütün ölkələrə qarşı tarif siyasətini əsaslandırılmamış və zərərli addım kimi qiymətləndirib. “Bu siyasət işçi sinfinə birbaşa zərər verir və iqtisadiyyatda əlavə xərc yükü yaradır” – deyə Sanders bildirib.
O, Trampın universitet maliyyəsini azaltmaq, ona qarşı qərar verən hakimləri işdən çıxarmaq və media qurumlarını məhkəməyə vermək kimi davranışlarını “hədə-qorxu cəhdi” adlandırıb və bunların demokratik sistemə təhdid olduğunu vurğulayıb. “Hamımız yeni kralımız prezident Trampa boyun əyəcəyik? Mən belə bir cəmiyyət istəmirəm” -deyə o bildirib.
Qeyd edək ki, Sanders texnologiya milyarderi İlon Maskı da sərt tənqid edib. O, Maskın federal işçilərlə davranışını nümunə gətirib, gələcəkdə süni intellekt və robotların işçiləri əvəzləməsi fonunda yaranacaq təhlükələrə diqqət çəkərək, “Əgər federal işçilərə bunu edəilirlərsə, özəl sektor işçilərinə nələr edəcəklərini düşünün”- deyə kəskin bildirib.