BAKI, AzerVoice
“Heç kimin bilmədiyi silahlarımız var”
AzerVoice xəbər verir ki, ABŞ prezidenti Donald Tramp ticarət müharibəsi fonunda ölkəsinin hərbi gücünə eyham vuraraq, “Bizim heç kimin nə olduğunu bilmədiyi silahlarımız var” deyə bəyanat verib.
Tramp bu fikirləri Oval Ofisdə imzalanan icra sərəncamından sonra jurnalistlərin suallarını cavablandırarkən bildirib. O, ABŞ-ın çox güclü ölkə olduğunu və heç bir rəqibin yaxın belə dura bilməyəcəyini vurğulayıb. “Biz dünyanın ən güclü silahlarına sahibik və heç kim bu gücə qarşı hərəkət etməyə cəsarət etməyəcək” - deyə o bildirib.
Çin lideri Si Cinpin haqqında isə Tramp “ağıllı adamdır, ölkəsini sevir və düşünürəm ki, nəticədə razılaşacağıq” deyə fikirlərini bölüşüb. Prezident həmçinin qeyd edib ki, yaxın zamanda Çinlə telefon danışığı aparılacağını gözləyir.
Qeyd edək ki, Tramp Çin məhsullarına tətbiq olunan tarifləri 125 faizə qədər artırdığını açıqlayıb. Bununla yanaşı, 75-dən çox ölkənin nümayəndələrinin gömrük tarifləri ilə bağlı danışıqlar aparmaq istədiyini bildirən Tramp, xoş niyyət jesti olaraq əlavə tariflərin 90 gün müddətinə dayandırıldığını və bu müddət ərzində minimum tarifin 10 faiz olaraq tətbiq ediləcəyini bildirib.