BAKI, AzerVoice
ABŞ bir sıra ölkələrə rüsumlarını 90 gün müddətinə dayandırır.
AzerVoice xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bir sıra ölkələrə tədbiq edilən rüsumlara 90 günlük fasilə verilməsi və bu müddət ərzində onların 10%-dək endirilməsi barədə göstəriş verib.
Tramp bildirib ki, 75-dən çox ölkə ABŞ rəsmilərinə müraciət edərək ticarət, tariflər, ticarət maneələri, valyuta manipulyasiyaları və qeyri-maliyyə rüsumları ilə bağlı danışıqlar aparmaq istəyirlər. Trampın sözlərinə görə, bu ölkələr indiyədək ABŞ-a qarşı heç bir cavab tədbiri görməyiblər.
Ticarət məlumatları onu göstərir ki, Nyu-York Fond Birjasının əsas indeksləri Trampın bu qərarından sonra kəskin şəkildə artıb.
Trampın açıqlamasından cəmi bir neçə dəqiqə sonra Dow Jones sənaye indeksi 37 957,51 bənddən 39 579,55 bəndə yüksəlib. S&P 500 indeksi 223,62 bənd artaraq 5 261,09 bəndə çatıb. Nasdaq elektron birjasının indeksi isə 885,02 bənd (3,73%) qalxaraq 16 464,79 bəndə yüksəlib.
Ticarət sessiyasının əvvəlindən etibarən indekslər müvafiq olaraq 5,14%, 5,59% və 7,84% artım göstərib.