BAKI, AzerVoice
Qəzzada yardımın dayanmasından bir ay keçib, ancaq heç bir yer təhlükəsiz deyil.
AzerVoice xəbər verir ki, Birləşmiş
Millətlər Təşkilatının Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) baş
direktoru Amy Pope Qəzzada humanitar vəziyyətin kəskinləşdiyini
bildirib.
O qeyd edib ki, bir aydan artıqdır bölgəyə yardım daxil olmur və
Qəzzada artıq təhlükəsiz yer qalmayıb.
Amy Pope sosial şəbəkə platforması X-də paylaşdığı mesajda yüz
minlərlə insanın yenidən didərgin salındığını və vəziyyətin
dözülməz hal aldığını vurğulayıb.
"Atəşkəsi bərpa edin. Yardıma icazə verin. Mülki insanları qoruyun"
- deyə o bildirib.
Qeyd edək ki, yanvarın 19-da Qəzzada elan edilən atəşkəsə baxmayaraq, martın 18-də səhər saatlarında İsrail ordusu hücumlarını yenidən intensivləşdirib. Son hücumlarda əksəriyyəti qadın, uşaq və yaşlı olmaqla 1.449 nəfər həyatını itirib, 3.647 nəfər isə yaralanıb.
Ümumilikdə, 7 oktyabr 2023-cü ildən bəri Qəzza zolağında həyatını itirən fələstinlilərin sayı 50.810-a, yaralananların sayı isə 115.688-ə çatıb.