BAKI, AzerVoice
Myanmada baş verən güclü zəlzələlər nəticəsində həyatını itirənlərin sayı 3645 nəfərə çatıb, minlərlə insan isə yaralanıb.
AzerVoice xəbər verir ki, Sinxua agentliyinin yaydığı məlumata əsasən, Myanmadakı hərbi hökumətin inzibati orqanı olan Dövlət İnzibati Şurası (SAC) martın 28-də baş verən 7,7 və 6,4 bal gücündə zəlzələlərlə bağlı açıqlama yayıb.
Rəsmi məlumata görə, zəlzələlərdə 3645 nəfər ölüb, 5017 nəfər isə xəsarət alıb. Axtarış-xilasetmə qrupları itkin düşən təxminən 150 nəfərin tapılması üçün işləri davam etdirir.
Qeyd edək ki, Saqainq bölgəsi yaxınlığında baş verən zəlzələlər yalnız Myanmada deyil, qonşu Tayland və Çində də güclü şəkildə hiss olunub. Təbii fəlakət nəticəsində genişmiqyaslı dağıntılar meydana gəlib.