BAKI, AzerVoice
Şekspirin siyasi məqsədlə dəyişdirilmiş soneti 400 ildən sonra üzə çıxıb.
AzerVoice xəbər verir ki, Oksford
Universitetinin tədqiqatçısı Dr. Lea Veronese məşhur dramaturq
Uilyam Şekspirin 116-cı sonetinin nadir əlyazma versiyasını aşkar
edib.
Tapıntı kralçı və Ashmolean Muzeyinin qurucusu Elias Ashmole-un
şəxsi arxivində, 17-ci əsrə aid poeziya kolleksiyası içərisində üzə
çıxıb.
Bu kəşf əhəmiyyətlidir, çünki bu, sonetin müəyyən edilmiş cəmi ikinci əlyazma nüsxəsidir. Əlyazma Şekspirin orijinal sətirlərini saxlayaraq, üzərinə yeddi yeni siyasi məzmunlu sətr əlavə olunmuş şəkildə təqdim olunub.
Əsərin vətəndaş müharibəsi dövründə siyasi məqsədlərlə yenidən uyğunlaşdırıldığı məlum olub. Sonet, Milad ilahiləri və qadağan edilmiş satirik şeirlərlə yanaşı musiqiləndirilmiş formada təqdim edilib və Henry Lawes tərəfindən mahnıya çevrilib. Bu uyğunlaşmanın sözləri hazırda Nyu-York İctimai Kitabxanasında saxlanılan mahnı kitabında yer alır.
Qeyd edək ki, dəyişdirilmiş versiyada "Əsl ağılların birliyinə mane olmayım" misrası "Qoy özünü korlayan aldatma bu ağılları əhatə etsin" kimi siyasi mesajla əvəz edilib. Mütəxəssislər bildirirlər ki, yeni əlavə edilən misralar təkcə musiqi forması baxımından deyil, həm də dövrün kralçı ideologiyasına işarə daşıyır.
Əlyazmanın kataloqda "Məhəbbətin sədaqəti haqqında" başlığı ilə qeydə alınması və Şekspirin adının göstərilməməsi onun əsrlərlə diqqətdən kənarda qalmasına səbəb olub.
Professor Emma Smit qeyd edib ki, bu kəşf yalnız Şekspirin əsərlərinin necə dəyişdirildiyini deyil, həm də onların siyasi şəraitə necə uyğunlaşdırıldığını da ortaya qoyur.