BAKI, AzerVoice
Yəmənin Hudeydə şəhərində ölənlərin sayı 6-ya çatıb.
AzerVoice xəbər verir ki, Yəməndə
İranın dəstəklədiyi husilər ABŞ-ın Hudeydə şəhərində həyata
keçirdiyi hava hücumlarında ölənlərin sayının 6-ya yüksəldiyini
açıqlayıb.
Hücum nəticəsində daha 16 nəfər yaralanıb.
Husilərə bağlı Səhiyyə Nazirliyinin məlumatına görə, ABŞ-a məxsus hava qüvvələrinin Hudeydə şəhərinin Əl-Həvaq rayonundakı Emin Mükbil qəsəbəsini hədəf alması nəticəsində ilkin olaraq 4 nəfər ölmüş, daha sonra bu say 6-ya çatmışdır. Yaralıların sayı isə dəyişməyib – 16 nəfərdir.
Açıqlamada hücumun baş verdiyi ərazidə dağıntılar altında qalanların ola biləcəyi bildirilib. Hazırda mülki müdafiə və səhiyyə qrupları xilasetmə işlərini davam etdirir.
Qeyd edək ki, husilər martın 7-də İsrailə xəbərdarlıq edərək, Qəzzaya humanitar yardımın daxil olmasına imkan verilmədiyi təqdirdə, dəniz əməliyyatlarına yenidən başlayacaqlarını bildirmişdi. ABŞ Prezidenti Donald Tramp isə martın 15-də Truth Social platformasında Yəməndə husilərə qarşı “kütləvi hücum” əmri verdiyini bəyan etmişdi. Husi lideri Əbdül-Malik əl-Husi ABŞ-ın hücumlarını davam etdirdiyi müddətcə bölgədəki ABŞ təyyarələri və döyüş gəmilərinin də hədəf olacağını açıqlamışdı.