Əsas səhifə » Harris prezident olacağı təqdirdə İsrail yox olacaq - Donald Tramp

Harris prezident olacağı təqdirdə İsrail yox olacaq - Donald Tramp

Bakı, AzerVoice

ABŞ prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Tramp rəqibi, Demokratların namizədi və ABŞ-ın vitse-prezidenti Kamala Harrisin noyabr seçkilərində qalib gələcəyi təqdirdə “İsrailin yox olacağını” iddia edib.

AzerVoice xəbər verir ki, bu haqda Tramp canlı bağlantı ilə qoşulduğu Respublikaçı Yəhudi Koalisiyasının ABŞ-ın Nevada ştatının Las-Veqas şəhərində keçirilən illik toplantısında danışıb.

Koalisiya donorlarına müraciət edən Tramp Harrisin prezident olacağı təqdirdə “İsrailin artıq mövcud olmayacağını” müdafiə edib və “Əgər onlar qalib gəlsələr, İsrail yox olacaq” deyib.

Yəhudi seçicilərdən səs istəyənləri və Demokratlara dəstək verənləri anlaya bilmədiyini ifadə edən Tramp, Demokratlara səs verən yəhudi amerikalıların ağlının yoxlanılması lazım olduğunu deyib.

Tramp həmçinin bəyan edib ki, əgər son seçkidə prezident seçilsəydi, HƏMAS-ın 7 oktyabrda İsrailə qarşı həyata keçirdiyi hücumlar baş verməzdi.

Harrisin kampaniya komandasının Trampın söylədiklərinə qarşı verdiyi açıqlamada isə Trampın yəhudi amerikalıları “açıq-aşkar təhqir etdiyi” və “şəxsi maraqlarına uyğun gələrsə, birdən-birə İsraildən üz döndərə biləcəyi” qeyd edilib.

Qeyd edək ki, noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkilərində demokrat Kamala Harrislə respublikaçı Donald Tramp arasında rəqabət qızışarkən, seçkilərin taleyini Arizona, Nevada, Viskonsin, Miçiqan, Pensilvaniya, Şimali Karolina və Corciya kimi “Kritik ştatlar”ın nəticələri müəyyən edəcək.

Digər Kateqoriyalar

2025 © Azervoice