Bakı, VOA
Braziliya ABŞ Dövlət Departamentinin tələbi ilə HƏMAS üzvü və ailəsini Braziliyadan deportasiya edib.
VOA xəbər verib ki, Braziliya Federal Polisi mənbələri, 37 yaşlı Müslüm M. A. Abuumar və onun 7 aylıq hamilə xanımı, oğlu və qayınanasının ölkəyə daxil olarkən Sao Paulonun Quarulhos hava limanında saxlanılaraq dünən Qatar Airways təyyarəsi ilə Qətərin paytaxt Dohaya geri göndərildiyini bildirib.
Məlumata görə, deportasiya tələbi ABŞ Dövlət Departamentindən gəlib və həmin fələstinli şəxsin HƏMAS ilə dərin əlaqələri olduğu hakim qarşısında sübuta yetirilib.
Abuumarın vəkili Bruno Henrique de Moura tərəfindən təqdim edilən tədbir qərarına əsasən, Fələstinli ailə Quarulhos hava limanının girişində heç bir axtarış qərarı olmadan polis tərəfindən saxlanılıb. Moura deyib ki, Braziliya polisi Abuumarın adının ABŞ hökumətinin terrorçulara nəzarət siyahısında olmasına əsaslanaraq ABŞ-ın siyasi motivli tələbini qəbul edib. "ABŞ bu siyahıdan Fələstin tərəfdarlarının həyatını çətinləşdirmək üçün istifadə edir", - Moura deyib.
Bildirilib ki, Abuumar Braziliyada yaşayan qardaşını ziyarət etməyə gəlib. Fələstinin Braziliyadakı səfiri İbrahim Əl Zeben isə Abuumarla bağlı səfirliklə rəsmi əlaqə saxlayan kimsənin olmadığını deyib.
Abuumarın deportasiya qərarını təsdiqləyən hakim Milenna da Cunha, Abuumarın Qətərin paytaxtı Dohada Həmas Siyasi Bürosunun sədri İsmayıl Haniyə ilə görüşdüyünü bildirən sosial media paylaşımlarına toxunub.
Qərarda Abuumarın Asiya Yaxın Şərq Mərkəzinə rəhbərlik etdiyi və həyat yoldaşının və uşaqlarının da Malayziya əsilli olduğu bildirilib. Qərarda həmçinin bildirilirdi ki, Braziliya polisi Abuumarın həyat yoldaşının uşağı burada dünyaya gətirməsi və beləcə uşaqlarının Braziliya vətəndaşı olması üçün ailəsi ilə birlikdə Braziliyaya getməsindən şübhələnir.