Bakı. AzerVoice:
Facebook, Instagram, Threads və WhatsApp-ın sahibi olan Meta, İsrail də daxil olmaqla müxtəlif ölkələrdə dezinformasiya yaratmaq üçün süni intellekt vasitələrindən istifadə edən yüzlərlə Facebook hesabını silib.
AzerVoice xəbər verir ki, Meta bu barədə 2024-cü ilin birinci rübü üçün dərc etdiyi hesabatda məlumat verir. Həmçinin hesabatda Banqladeş, Çin, Xorvatiya, İran və Rusiya kimi bir çox ölkələrdə qarşısı alınan gizli təsir kampaniyaları haqqında məlumatlar paylaşılıb və qeyd olunub ki, onların əksəriyyəti hədəf kütləsi yaratmaq cəhdinin əvvəlində aşkar edilərək aradan qaldırılıb.
Hesabatda qeyd edilir ki, İsrail mərkəzli "koordinasiya edilmiş qeyri-əsaslı davranış" şəbəkəsi media qurumları və ictimai xadimlərin səhifələrində süni intellekt tərəfindən yaradıldığı ehtimal edilən şərhlər paylaşıb. Lakin real istifadəçilər bu rəyləri tez-tez tənqid edərək onların "propaqanda" olduğunu bildirib.
Hesabatda bu davranışları ilə şirkət siyasətini pozduğu üçün İsraildən 510 Facebook hesabının, 11 səhifə və bir qrup ilə İnstaqramdakı 32 hesabın silindiyi və bu şəbəkənin xüsusilə ABŞ və Kanadadakı auditoriyanı hədəf aldığı qeyd edilib.
Bu şəbəkənin beynəlxalq və yerli media qurumlarının, siyasi və tanınmış simaların, o cümlədən ABŞ konqresmenlərinin Facebook səhifələrinə münasibət bildirdiyinə diqqət çəkilərək, bu şərhlərin bəzilərinin süni intellektdən istifadə edilərək yaradıldığı da hesabatda qeyd olunub.
Hesabatda bu şəbəkəyə aid hesabların yəhudi tələbələr, afroamerikalılar və "narahat" vətəndaşlar kimi hədəf ölkələrin yerli xalq kimi davrandığı və hesabların əsasən Qəzzadakı vəziyyətlə bağlı ingilis dilində girovların azad edilməsi çağrışları, İsrailin hərbi əməliyyatlarına dəstək, "kampus antisemitizmi" və BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə ((UNRWA) tənqid kimi mövzularda paylaşımlar etdiyi bildirildi.
Şəbəkənin arxasında olanların öz şəxsiyyətlərini və koordinatlarını gizlətməyə çalışdıqları vurğulanan hesabatda Metanın Təl-Əvivdə yerləşən “siyasi marketinq və kommersiya kəşfiyyatı” firması olan STOIC ilə bağlı izlər tapdığı bildirilib.
![](https://www.azervoice.com/media/meta-reu-2168000-min.jpg)