BAKI, AzerVoice
Yaponiya Şimali Koreyaya qarşı mövcud sanksiyaları daha iki il müddətinə uzadıb
AzerVoice xəbər verir ki, Yaponiya hökuməti Şimali Koreyanın nüvə proqramları və keçmişdə yapon vətəndaşlarının oğurlanması səbəbilə tətbiq olunan sanksiyaların müddətini uzatmaq qərarına gəlib.
Yaponiya Nazirlər Kabinetinin baş katibi Hayaşi Yoşimasa bildirib ki, Pxenyanın nüvə silahı və raket proqramlarının yaratdığı təhdidlər və 1970-1980-ci illərdə Şimali Koreya ünsürləri tərəfindən saxlanılan Yaponiya vətəndaşlarının problemi hələ də həll olunmayıb.
Bu səbəbdən, Yaponiya Şimali Koreyaya qarşı mövcud sanksiyaları daha iki il müddətinə uzadır. Sanksiyalar çərçivəsində Şimali Koreya gəmilərinin Yaponiya limanlarına daxil olması və iki ölkə arasında hər hansı ticarət fəaliyyəti qadağan olunacaq.
Hayaşi əlavə edib ki, BMT Təhlükəsizlik Şurasının Şimali Koreyaya qarşı tətbiq etdiyi sanksiyalar da tam şəkildə yerinə yetirilməlidir.
Qeyd edək ki, Yaponiya və Şimali Koreya arasında münasibətlərin gərginliyi yalnız Pxenyanın nüvə proqramları ilə deyil, həm də ötən əsrdə Şimali Koreya tərəfindən oğurlanmış yapon vətəndaşlarının taleyi ilə də bağlıdır.