Əsas səhifə » Yaponiya hökumətindən meqazəlzələ xəbərdalığı

Yaponiya hökumətindən meqazəlzələ xəbərdalığı

BAKI, AzerVoice

Yaponiya alimləri Nankai çökəkliyində baş verə biləcək meqazəlzələnin 300 min insanın ölümünə səbəb ola biləcəyini bildirir

AzerVoice xəbər verir ki, Yaponiya hökumətinin yeni hesabatında ölkənin cənub sahillərində gözlənilən 9 bal gücündə zəlzələ və ardınca baş verə biləcək sunaminin dağıdıcı nəticələr doğuracağı bildirilir.

Yaponiyalı mütəxəssislər yaxın 30 il ərzində Sakit okean sahillərində yerləşən Nankai çökəkliyində böyük zəlzələnin baş vermə ehtimalını 80 faiz olaraq qiymətləndirirlər. Ən pis ssenariyə əsasən, bu təkanlar 300 minə yaxın insanın ölümünə, 2,35 milyon tikilinin isə dağıntıya uğramasına səbəb ola bilər. Bu itkilərdən 215 min nəfərin sunami dalğaları nəticəsində həyatını itirəcəyi ehtimal olunur.

Qeyd edək ki, Nankai çökəkliyi Filippin dəniz plitəsinin Avrasiya plitəsinin altına itələndiyi yüksək seysmik aktivliyə malik ərazidir və burada hər 100-200 ildən bir güclü zəlzələlər baş verir. Ərazi “Sakit Okean Atəş Halqası” adlanan və dünya üzrə zəlzələlərin 81 faizinin baş verdiyi zolaqda yerləşir.

Yaponiyanın Nazirlər Kabineti ötən il baş vermiş 7,1 bal gücündə zəlzələdən sonra bu risklərə daha ciddi yanaşaraq 2013-cü ildən bəri ilk dəfə olaraq meqazəlzələyə dair təsir təxminlərini yeniləyib.

Digər Kateqoriyalar

2025 © Azervoice