BAKI, AzerVoice
İran və ABŞ arasında dolayı danışıqlar aprelin 12-də Omanda keçiriləcək
AzerVoice xəbər verir ki, İranın
xarici işlər naziri Abbas Arakçi Omanda ABŞ-la dolayı danışıqların
şənbə günü baş tutacağını açıqlayıb.
Arakçi sosial media hesabında “Bu həm fürsət, həm də sınaqdır. Top
ABŞ-ın meydanındadır”, – deyə bildirib.
Belə ki, ABŞ prezidenti Donald Tramp ötən ay İran lideri Ayətullah Əli Xameneiyə məktub göndərərək birbaşa nüvə danışıqları aparmağı təklif etsə də, Tehran yalnız dolayı danışıqlara açıq olduğunu, təhdid və təzyiqlər altında birbaşa görüşləri qəbul etmədiyini bildirmişdi.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi məsələ ilə bağlı verdiyi açıqlamada, Vaşinqtonun dolayı danışıqlar təklifi üzrə qərarını gözlədiklərini və Oman tərəfinin vasitəçilik üçün əsas namizəd olduğunu təsdiqləyib.
Qeyd edək ki, Tramp ötən gün İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşü zamanı danışıqların şənbə günü keçiriləcəyini təklif edərək, razılaşma əldə olunmadığı təqdirdə İranın ciddi təhlükə ilə qarşılaşacağını bildirib. ABŞ 2018-ci ildə nüvə sazişindən birtərəfli şəkildə çıxaraq Tehranla münasibətləri gərginləşdirmişdi.