BAKI, AzerVoice
Trampın yeni tarif qərarları qlobal bazarları silkələyib, neft və kriptovalyutalarda kəskin ucuzlaşma müşahidə olunub.
AzerVoice xəbər verir ki, ABŞ prezidenti Donald Trampın Çin mallarına qarşı tətbiq etdiyi yeni tarif qərarları və Çinin buna cavab addımı, bir həftəlik fasilədən sonra dünya bazarlarında kəskin enişlərə səbəb olub. Həm səhmlər, həm də kriptovalyutalar ciddi dəyər itirib, neft qiymətləri isə son 4 ilin ən aşağı həddinə enib.
Asiya fond birjaları enişə liderlik edib – Yaponiyada Nikkei 225 indeksi 7,7 faiz, Cənubi Koreyada Kospi 5,6 faiz, Çində Şanxay Kompozit İndeksi 7,3 faiz, Honq Konqda isə Hang Seng 13,2 faiz dəyər itirib. Bu satış dalğası Avropaya da yayılıb: Almaniyada DAX 4,13 faiz, Fransada CAC 40 4,78 faiz, Böyük Britaniyada FTSE 100 4,38 faiz, İtaliyada isə FTSE MIB 30 5,26 faiz geriləyib.
ABŞ-da Nasdaq, S&P 500 və Dow Jones indekslərində də gün ərzində 4-5 faiz civarında itkilər qeydə alınıb. Tesla-nın səhmləri ümumi trendlə ayaqlaşaraq bir ara 10 faiz ucuzlaşaraq 214 dollara qədər düşüb, sonda isə 233 dollara yüksəlib. Lakin dekabrdan bəri şirkət ümumilikdə 50 faizlik dəyər itkisi yaşayıb.
Kriptovalyuta bazarlarında da vəziyyət sabit olmayıb. Bitcoin 10 faizdən çox dəyər itirərək 75 min dolların altına düşüb, Ethereum isə 22 faiz azalaraq 1 421 dollara geriləyib.
Neft bazarı da tarif müharibələrinin təsirindən sarsılıb. ABŞ prezidenti Trampın sərt çıxışları və OPEC-in hasilatı artırmaq niyyəti “Brent” markalı neftin qiymətini 3,87 faiz azaldaraq 63,20 dollara salıb ki, bu da son 4 ilin ən aşağı göstəricisidir.
Daxili bazar isə qlobal sarsıntılara nisbətən daha mötədil reaksiya verib. BIST 100 indeksi səhər saatlarında 2,80 faiz azalaraq həftəyə mənfi başlamış olsa da, günün ikinci yarısında bərpa edərək 0,29 faiz artımla 9 min 407 bəndlə bağlanıb.
Qeyd edək ki, Tramp axşam saatlarında Çinin 34 faizlik tarif qərarını ləğv etməyəcəyi təqdirdə, 9 aprel tarixindən etibarən əlavə 50 faiz rüsum tətbiq ediləcəyini bəyan edib. Bununla yanaşı, Avropa Birliyi də cavab tədbirlərinə hazır olduğunu bildirərkən, Almaniyanın Audi şirkəti ABŞ-a avtomobil ixracını müvəqqəti dayandırdığını açıqlayıb.