BAKI, AzerVoice
Netanyahu Trampdan Türkiyə ilə gərginliyin azaldılması üçün vasitəçilik istəyib.
AzerVoice xəbər verir ki, İsrailin baş
naziri Benyamin Netanyahu, ABŞ prezidenti Donald Trampla
Vaşinqtonda keçirdiyi görüşdə Suriyadakı vəziyyəti müzakirə edərək,
Türkiyə ilə qarşıdurma istəmədiklərini bildirib və Trampdan
vasitəçilik etməsini xahiş edib.
Netanyahu, "Türkiyə ABŞ ilə yaxşı əlaqələri olan bir dövlətdir.
Düşünürəm ki, ABŞ prezidenti yaxşı bir orta yol tapacaq" - deyə
bildirib.
Tramp isə münasibətlərin sabit qalması üçün öz rolunu vurğulayaraq, “Prezident Ərdoğanı çox sevirəm, o da məni sevir. Əgər problem varsa, mən onu həll edə bilərəm. Təbii ki, siz də ağlabatan olmalısınız” - deyə cavab verib. Tramp əlavə edib ki, Türkiyənin Suriyada heç kimin edə bilmədiyi addımları atdığını və Ərdoğanın güclü lider olduğunu düşünür.
Görüş zamanı Tramp həmçinin İranla danışıqların aparıldığını və yaxın günlərdə yüksək səviyyəli görüş gözlənildiyini bildirib. O, Qəzzadakı vəziyyətlə bağlı isə, “Müharibə çox da uzaq olmayan bir zamanda bitəcək” - deyə açıqlama verib.
Qeyd edək ki, Netanyahu son zamanlar Suriyadakı vəziyyətlə bağlı Türkiyə ilə münasibətlərin gərginləşdiyini etiraf edib və bu məsələdə ABŞ-dan diplomatik rol gözlədiklərini açıq şəkildə ifadə edib.