Əsas səhifə » Tramp Çini əlavə rüsumlarla hədələyib

Tramp Çini əlavə rüsumlarla hədələyib

BAKI, AzerVoice

Əgər Çin ABŞ-ın tariflərinə cavab olaraq tətbiq etdiyi tarifləri ləğv etməsə, 9 aprel tarixindən etibarən Çin məhsullarına əlavə 50% gömrük rüsumları tətbiq ediləcək.

AzerVoice xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Truth Social platformasında paylaşım edib.

“Dünən Çin mənim xəbərdarlığıma baxmayaraq, 34%-lik yeni cavab tarifləri tətbiq etdi. Mən açıq şəkildə bəyan etmişdim ki, ABŞ-a qarşı uzun illərdir davam edən bu ticarət pozuntularına əlavə rüsumlarla cavab verən hər hansı ölkə əvvəlki səviyyələrdən daha yüksək tariflərlə qarşılaşacaq”, - deyə Tramp bildirib.

“Əgər Çin sabahadək bu 34%-lik əlavə tarifləri ləğv etməzsə, 8 aprel 2025-ci il tarixində ABŞ Çinə qarşı əlavə 50%-lik gömrük rüsumları tətbiq edəcək və bu qərar 9 apreldən qüvvəyə minəcək”, - deyə Tramp əlavə edib.

Xatırladaq ki, Tramp 2 aprel tarixində 185 ölkə və əraziyə qarşı gömrük rüsumlarının tətbiq olunduğunu elan edib. Rusiya bu siyahıya daxil edilməyib. Böyük Britaniya ilə bağlı gömrük rüsumları 10% səviyyəsində müəyyən olunub ki, Tramp bunu minimum adlandırıb.

Bundan əlavə, ABŞ administrasiyası aprelin 3-dən etibarən bütün idxal avtomobillərinə 25% gömrük rüsumu tətbiq etməyə başlayıb. Böyük Britaniyanın Biznes və Ticarət məsələləri üzrə naziri Conatan Reynolds bildirib ki, London ABŞ-ın bu addımına cavab olaraq müxtəlif tədbirlər görməyi nəzərdən keçirir.

Digər Kateqoriyalar

2025 © Azervoice