BAKI, AzerVoice
ABŞ prezidenti Donald Tramp tərəfindən tətbiq olunan gömrük rüsumları təkcə Böyük Britaniya üçün deyil, həm də qlobal iqtisadiyyat üçün ciddi problem yaradır.
AzerVoice xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Kir Starmer deyib.
"Avtomobil ixracına 25%, digər mallara isə 10% rüsum tətbiq olunması gələcəyimiz üçün böyük çağırışdır. Bu tədbirlərin qlobal nəticələri də olduqca dərin ola bilər", – deyə Starmer Jaguar Land Rover (JLR) avtomobil zavodunda çıxışı zamanı bildirib.
Starmer əlavə edib ki, dünya dəyişir və əvvəllər sabit hesab edilən ticarət qaydaları artıq keçmişdə qalıb.
Xatırladaq ki, Tramp 2 aprel tarixində 185 ölkə və əraziyə qarşı gömrük rüsumlarının tətbiq olunduğunu elan edib. Rusiya bu siyahıya daxil edilməyib. Böyük Britaniya ilə bağlı gömrük rüsumları 10% səviyyəsində müəyyən olunub ki, Tramp bunu minimum adlandırıb.
Bundan əlavə, ABŞ administrasiyası aprelin 3-dən etibarən bütün idxal avtomobillərinə 25% gömrük rüsumu tətbiq etməyə başlayıb. Böyük Britaniyanın Biznes və Ticarət məsələləri üzrə naziri Conatan Reynolds bildirib ki, London ABŞ-ın bu addımına cavab olaraq müxtəlif tədbirlər görməyi nəzərdən keçirir.