BAKI, AzerVoice
“Məskunlaşmamış adaların tarif siyahısına əlavə olunması hüquqi boşluqları bağlayacaq”
AzerVoice xəbər verir ki, ABŞ ticarət
naziri Hovard Lutnik ölkənin yeni tarif siyasətində məskunlaşmamış
adaların da daxil edilməsini “hüquqi boşluqları bağlamaq üçün
zəruri” addım kimi dəyərləndirib.
O, bu yanaşmanın bəzi ölkələrin tarifdən yayınma cəhdlərinin
qarşısını alacağını bildirib.
Tarif siyahısına daxil edilən, lakin insan yaşamayan Avstraliyaya məxsus Cənubi Okeandakı Heard və McDonald adaları bu qərarla gündəmə gəlib. Məsələ ilə bağlı danışan Lutnik, “Əgər siyahıdan hər hansı bir bölgəni çıxarsaq, bəzi ölkələr bu boşluqdan istifadə edərək mallarını həmin bölgələr üzərindən ABŞ-a yönləndirə bilər”, – deyə vurğulayıb.
Nazir xüsusilə Çin və digər ölkələrin bu cür hüquqi mexanizmlərdən faydalanmağa çalışdığını və məskunlaşmamış adaların siyahıya əlavə edilməsinin ticarət balansını qorumaq üçün əhəmiyyət daşıdığını qeyd edib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp aprelin 2-də açıqladığı yeni iqtisadi yanaşmaya əsasən, ölkə xaricindən gələn mallara qarşılıqlı şəkildə 10 faizlik baza tarifi tətbiq edəcəyini bəyan edib.