BAKI, AzerVoice
“Liviya ssenarisi” yalnız Trampın yuxusudur.
AzerVoice xəbər verir ki, İranın
xarici işlər nazirinin müavini Abbas Araqçi ABŞ prezidenti Donald
Trampın nüvə proqramı ilə bağlı birbaşa danışıqlara çağırışına
cavab olaraq, Tehran administrasiyasının Liviya modelini qəbul
etmədiyini bildirib.
Araqçi qeyd edib ki, İran yalnız vasitəçilər vasitəsilə diplomatik
müzakirələrə açıqdır və “güc təhdidi ilə danışan tərəflərlə”
birbaşa əlaqələri qətiyyətlə rədd edir.
ABŞ prezidenti Tramp İran qarşısında iki yol qoyub – ya nüvə proqramı ilə bağlı diplomatik razılaşma, ya da hərbi müdaxilə. Respublikaçı senator Tom Kotton isə "X" platformasında verdiyi açıqlamada Trampın “İranla Liviya modeli əsasında razılaşma istədiyini, əks halda hərbi zərbələrin gündəmdə olduğunu” bildirib.
Araqçi isə bu ssenarini qətiyyətlə rədd edərək, “Bu, onların sadəcə xəyalıdır” sözləri ilə ABŞ-ın yanaşmasına sərt reaksiya verib.
Qeyd edək ki, 2003-cü ildə Liviya rəhbəri Müəmmər Qəddafi könüllü şəkildə nüvə proqramından imtina etmiş və bu, onun sonrakı illərdə Qərb müdaxiləsi ilə devrilməsinə zəmin yaratmışdı. Tehran isə bu ssenarinin təkrarlanmasına icazə verməyəcəyini dəfələrlə bəyan edib.