BAKI, AzerVoice
Makron və Sisi Qahirədə Qəzza müharibəsini və regional əməkdaşlığı müzakirə ediblər.
AzerVoice xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron Qəzzada davam edən münaqişəyə son qoyulması və Fransa-Misir strateji əməkdaşlığını genişləndirmək məqsədilə rəsmi səfərlə Misirin paytaxtı Qahirəyə gedib.
Makron səfəri barədə İnstaqram hesabında paylaşaraq, Misirə Rafale qırıcı təyyarələrinin müşayiəti ilə gəlməsini "strateji tərəfdaşlığın güclü simvolu" kimi xarakterizə edib.
Səfər çərçivəsində Makron və Sisi Qəzza zolağındakı vəziyyəti müzakirə ediblər. İki lider bu gün İordaniya kralı II Abdullah ilə birgə üçtərəfli sammitdə iştirak edərək, bölgədə atəşkəsin təmin olunması yollarını müzakirə edəcəklər.
Makronun sabah Misirin Qəzzadan 50 km məsafədə yerləşən Əl-Ariş şəhərinə baş çəkərək Fransa və beynəlxalq QHT nümayəndələri, eləcə də Misir Qızıl Aypara Cəmiyyəti ilə görüşməsi planlaşdırılır.
Yelisey Sarayının məlumatına görə, Makronu xarici işlər, müdafiə, iqtisadiyyat, səhiyyə, nəqliyyat və elmi tədqiqat nazirləri müşayiət edir. Danışıqlarda Liviya, Sudan, Livan və Suriya ilə bağlı regional təhlükəsizlik məsələləri də müzakirə olunacaq.
Qeyd edək ki, Makron və Sisi arasında 2023-cü il oktyabrın 7-də başlayan müharibədən bəri ilk dəfə olaraq fələstinli yaralıların müalicəsinə yönəlmiş yeni səhiyyə əməkdaşlıq memorandumu imzalanacaq. Bundan əlavə, Misir və Fransa hökumətləri arasında səhiyyə, nəqliyyat, su və bərpa olunan enerji də daxil olmaqla 12 iqtisadi sazişin imzalanması gözlənilir.