BAKI, AzerVoice
ABŞ Prezidenti Donald Trampın ikinci prezidentlik müddətində ölkə miqyasında və xaricində genişmiqyaslı etiraz aksiyaları keçirilib.
AzerVoice xəbər verir ki, ABŞ-ın bütün
50 ştatında və paytaxt Vaşinqtonda eyni vaxtda keçirilən
etirazlarda prezident Donald Tramp və onun administrasiyasında
mühüm vəzifə daşıyan milyarder İlon Maskın siyasətlərinə qarşı sərt
narazılıq ifadə olunub.
“Əllərinizi çəkin” şüarı altında təşkil olunan bu kampaniya
çərçivəsində təxminən 1200 fərqli yerdə etiraz aksiyası baş tutub.
Təkcə Nyu-Yorkda keçirilən nümayişdə 10 minə yaxın insan iştirak
edib.
Vaşinqtondakı yürüşlərdə iştirak edən 150-yə yaxın fəal qrup, Tramp və Maskın demokratik institutlara və sosial təminat sisteminə qarşı təzyiqlərini pisləyib. Aksiyalarda ABŞ Konqresinin Nümayəndələr Palatasından olan demokrat siyasətçilər də iştirak edərək Trampın daxili və xarici siyasətini tənqid ediblər.
Etirazların bəzilərində Ukrayna və Fələstin bayraqları da dalğalanıb. Vaşinqtonda keçirilən yürüşlər zamanı bir çox nümayişçi eyni zamanda İsrailin Qəzzaya qarşı davam edən hücumlarını pisləyib. “Fələstinə azadlıq”, “Soyqırıma son” və “Tramp, Fələstin soyqırımını gizlədə bilməzsən” kimi şüarlarla çıxış edən etirazçılar, ABŞ administrasiyasının İsrailə dəstəyini tənqid ediblər. Həmçinin etirazçılar Kolumbiya Universitetindən saxlanılan fələstinli fəal Mahmud Xəlil və Tufts Universitetindən doktorant Rümeysa Öztürkün azadlığa buraxılmasını tələb edən lövhələr də qaldırıblar.
Etirazlar bununla da məhdudlaşmayıb. ABŞ-dan kənarda – Almaniya, Fransa və İngiltərədə də yüzlərlə amerikalı Trampın siyasətinə qarşı eyni gündə küçələrə çıxaraq, onun ABŞ-ın daxili və xarici siyasətində yaratdığı dəyişikliklərə qarşı etiraz ediblər. Bu aksiyalarda da Fələstinlə həmrəylik nümayiş etdirilib.
Qeyd edək ki, ABŞ mediası bu nümayişləri Trampın ikinci prezidentliyi dövründə ən geniş miqyaslı və koordinasiyalı etirazlar kimi dəyərləndirib. Aksiyalara qatılmaq üçün ümumilikdə 600 minə yaxın müraciət edildiyi və bu tədbirlərin 150-dən çox qrup tərəfindən təşkil olunduğu bildirilir.