Əsas səhifə » Parisdə Le Penə dəstək üçün etiraz aksiyası keçirilib

Parisdə Le Penə dəstək üçün etiraz aksiyası keçirilib

BAKI, AzerVoice

Fransada “Milli Birlik” partiyasının tərəfdarları, partiya lideri Marin Le Pen-in 2027-ci il prezident seçkilərində iştirak hüququndan məhrum edilməsinə qarşı Parisdə kütləvi etiraz aksiyası keçiriblər.

AzerVoice xəbər verir ki, etiraz aksiyası paytaxtın VII rayonundakı Voban meydanında baş tutub.

Aksiya zamanı “Marin – prezidentdir!” və “Biz qalib gələcəyik!” kimi şüarlar səsləndirilib.

Aksiya zamanı çıxış edən Marin Le Pen, ona qarşı açılmış məhkəmə prosesini siyasi motivli adlandıraraq, mübarizəsini qalib gələnədək davam etdirəcəyini bildirib. O, məhkəmənin qərarını qanunun aliliyi və demokratiyaya qarşı bir təhqir kimi dəyərləndirib.

“Fransa bu acınacaqlı mənzərə ilə dünyaya insan haqlarının beşiyi olduğunu deyil, əksinə, necə çökdüyünü nümayiş etdirir” - deyə, Le Pen bildirib.

“Ədalətə qarşı deyilik, amma demokratiyaya yaraşmayan bu sui-istifadələr dərhal dayandırılmalıdır. Unutmayın, bizə bu qədər hücum etmələrinin səbəbi odur ki, biz qalib gəlirik” - deyə Le Pen əlavə edib.

O, vətəndaş hüquqları uğrunda mübarizəsində Nobel Sülh Mükafatı laureatı Martin Lüter Kinqdən ilham aldığını bildirib və ona dəstək verən fransız və beynəlxalq siyasətçilərə təşəkkürünü bildirib.

Mitinqdə çıxış edən digər tanınmış simalar arasında Perpinyan meri Lui Alio, “Sağların İttifaqı” parlament fraksiyasının rəhbəri Erik Syotti və “Milli Birlik”in formal lideri Jordan Bardella da yer alıb. Bardella Le Peni sonadək dəstəkləyəcəyinə söz verib.

Eyni gün, Parisin Respublika meydanında solçular “kontr-aksiyası” keçiriblər. “Boyun əyməyən Fransa” partiyasının milli koordinatoru Manuel Bompard, Le Pen-in partiyasını demokratiya və hüquqi dövlət üçün təhlükə adlandıraraq onun əleyhinə mübarizəni davam etdirəcəklərini bildirib.

Eyni zamanda, prezident Emmanuel Makronun “Renessans” koalisiyası da Parisətrafı Sen-Deni kommunasında mitinq təşkil edib. Orada çıxış edən partiyanın baş katibi və keçmiş baş nazir Qabriel Attal “Milli Birlik”i həm prorus, həm də proamerikan mövqe tutmaqda və Fransanın milli maraqlarını nəzərə almamaqda ittiham edib.

Digər Kateqoriyalar

2025 © Azervoice