BAKI, AzerVoice
Çin Xalq Azadlıq Ordusunun (XAO) Tayvan ətrafında keçirdiyi hərbi təlimlər G7 ölkələrinin ciddi narahatlığına səbəb olub.
AzerVoice xəbər verir ki, bu barədə Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya və ABŞ-ın xarici işlər nazirləri, eləcə də Avropa İttifaqının (Aİ) xarici siyasət üzrə ali nümayəndəsi tərəfindən imzalanmış ortaq bəyanatda bildirilib.
“Biz, G7 ölkələrinin xarici işlər nazirləri və Aİ-nin ali nümayəndəsi olaraq, Çinin təxribat xarakterli hərəkətləri, xüsusilə də Tayvan ətrafında keçirdiyi son genişmiqyaslı hərbi təlimlər ilə bağlı dərin narahatlığımızı bildiririk” - deyə, bəyanatda bildirilib.
Bəyanatda vurğulanıb ki, bu cür sabitliyi pozan fəaliyyətlər Tayvan boğazında gərginliyi artırır, qlobal təhlükəsizlik və rifahı təhdid edir.
“G7 ölkələri və beynəlxalq ictimaiyyət Tayvan boğazında sülh və sabitliyin tərəfdarıdır. Biz zorakılıq daxil olmaqla, sülhə və sabitliyə təhlükə yaradan birtərəfli hərəkətlərə qarşı çıxırıq. G7 üzvləri tərəflər arasında konstruktiv dialoq yolu ilə məsələlərin dinc yolla həllini dəstəkləməyə davam edəcək” - deyə bəyanatda qeyd olunub.
Qeyd edək ki, 1 və 2 aprel tarixlərində Çin Xalq Azadlıq Ordusu Tayvan ətrafında genişmiqyaslı hərbi təlimlər keçirib. Təlimlər çərçivəsində uzaqmənzilli artilleriyadan atışlar həyata keçirilib və dəniz limanları ilə enerji infrastrukturunu təmsil edən hədəflərə zərbələr endirilib. Həmçinin, adanın şərqində yerləşən “Şandun” adlı Çin təyyarədaşıyıcısı da bu təlimlərə cəlb olunub.
Xatırladaq ki, Tayvan 1949-cu ildən bu yana öz müstəqil administrasiyası ilə idarə olunur. Bu, Çin vətəndaş müharibəsində məğlub olan Çan Kayşiyə sadiq qüvvələrin adaya sığınmasından sonra baş vermişdi. Həmin vaxtdan bəri Tayvan, Çin Respublikasının bayrağı və bəzi atributlarını saxlayır. Pekinin rəsmi mövqeyinə görə, Tayvan Çin Xalq Respublikasının ayrılmaz tərkib hissəsidir. Bu mövqe Rusiya da daxil olmaqla, əksər dövlətlər tərəfindən tanınır. Son zamanlar Pekin ilə Taybey arasında münasibətlər xüsusilə gərginləşib.