BAKI, AzerVoice
ABŞ artıq 50-dən çox ölkədən Vaşinqtonun tətbiq etdiyi gömrük rüsumlarının azaldılması və ya tamamilə ləğvi məqsədilə danışıqlara başlamaq üçün müraciətlər alıb.
AzerVoice xəbər verir ki, bu barədə Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Kevin Hassett "ABC News" kanalına verdiyi müsahibədə bildirib.
“Dünən ABŞ-ın ticarət üzrə nümayəndəsindən bir hesabat aldım. Bildirildi ki, 50-dən çox ölkə prezident Donald Tramp ilə danışıqlara başlamaq üçün müraciət edib. Onlar anlayırlar ki, bu ölkələrə qarşı çox sayda rüsum tətbiq olunub”, – deyə Hassett qeyd edib.
O həmçinin vurğulayıb ki, Vaşinqton Rusiya ilə bağlı gömrük rüsumları tətbiq etməkdən imtina edib. Bunun səbəbi isə prezident Trampın Ukraynadakı münaqişənin dinc yolla həlli ilə bağlı aparılan danışıqlara bu məsələnin mənfi təsir göstərməsini istəməməsidir.
“Hazırda Rusiya və Ukrayna ilə danışıqlar gedir və prezident bu iki mövzunun qarışdırılmamasına qərar verib” - deyə, o əlavə edib.
O, həmçinin qeyd edib ki, Rusiyaya qarşı rüsumların tətbiq edilməməsi ABŞ-ın bu ölkəyə qarşı siyasətini gələcəkdə dəyişdirəcəyi anlamına gəlmir.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp aprelin 2-də 185 ölkədən idxal olunan məhsullara gömrük rüsumlarının tətbiq olunduğunu elan etmişdi. Rusiya bu siyahıda yer almayıb. Eyni zamanda, aprelin 3-dən etibarən ABŞ bütün idxal olunan avtomobillərə 25 faizlik gömrük rüsumu tətbiq edib.