Əsas səhifə » Cənubi Koreya Prezidenti Yoon vəzifədən uzaqlaşdırılıb

Cənubi Koreya Prezidenti Yoon vəzifədən uzaqlaşdırılıb

BAKI, AzerVoice

Cənubi Koreyanın Konstitusiya Məhkəməsi prezident Yoon Suk Yeolun 2024-cü ilin dekabrında elan etdiyi hərbi vəziyyəti qeyri-konstitusiya hesab edərək onu impiçment edib.

AzerVoice xəbər verir ki, məhkəmə cümə günü yekdilliklə Yoonun vəzifədən kənarlaşdırılması barədə qərar qəbul edib.

Bu addım ölkədə siyasi böhrana səbəb olan hərbi vəziyyət qərarının konstitusiyaya zidd olması ilə əsaslandırılıb. Seulda minlərlə insan məhkəmənin qərarını dəstəkləmək üçün küçələrə çıxıb.

Yoon Suk Yeol dekabrın 3-də ölkədə hərbi vəziyyət elan edib və parlamentə yüzlərlə əsgər göndərib. Halbuki, Cənubi Koreya həmin vaxt heç bir açıq təhlükəsizlik təhdidi ilə üzləşmirdi. Hərbi vəziyyət cəmi altı saat davam etsə də, ölkədə maliyyə bazarlarını sarsıdan siyasi böhrana səbəb olub.

Konstitusiya Məhkəməsinin sədri Mun Hyung Bae bildirib ki, Yoonun qərarı yalnız qanun pozuntusu deyil, həm də qanunverici hakimiyyətin fəaliyyətinə müdaxilədir.

Qeyd edək ki, Yoonun impiçmenti iki ay ərzində yeni prezident seçkilərinin keçirilməsinə səbəb olacaq. Sorğular göstərir ki, əsas müxalif Demokrat Partiyasının lideri Li Ce Myun seçkilərdə qalib gəlmək üçün əsas favorit hesab olunur. Lakin o da korrupsiya ittihamları ilə bağlı məhkəmə qarşısına çıxıb.

Yoon Suk Yeol müdafiə komandası vasitəsilə yayımladığı açıqlamada ictimaiyyətin gözləntilərini doğrulda bilmədiyinə görə təəssüf hissi keçirdiyini bildirib. O, Koreya Respublikasına xidmət etməyin böyük şərəf olduğunu vurğulayıb.

İmpiçmentin ardından Yoon toxunulmazlığını itirib və səlahiyyətdən sui-istifadə də daxil olmaqla bir neçə hüquqi ittihamla üzləşə bilər.

Digər Kateqoriyalar

2025 © Azervoice