BAKI, AzerVoice
Rusiya və ABŞ ikitərəfli əlaqələrin normallaşdırılması məqsədilə yeni görüşə hazırlaşırlar.
AzerVoice xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov məlumat verib.
Məlumata görə, Rusiya və ABŞ prezidentlərinin razılığı ilə hər iki paytaxtdakı səfirliklər, fəaliyyətlərinə ciddi şəkildə maneə yaradan təkəbbürlü amillərin aradan qaldırılması mövzusu üzərində işləyirlər.
“İstanbulda bir görüş olub, indi ikinci görüş hazırlanır. Bu müddət ərzində isə telefon və video-konfrans vasitəsilə əlaqələr davam etdirilir. Proqnoz vermək istəmirəm, amma diplomatik praktika baxımından tamamilə qəbuledilməz olan bu maneələrin aradan qaldırılması istiqamətində amerikalı tərəfdaşların iradəsini və yaranan irəliləyişləri görürük”, – deyə Lavrov bildirib.
Rusiya XİN rəhbəri xatırladıb ki, diplomatik fəaliyyətə mane olan addımları ilk olaraq Rusiya deyil, ABŞ atıb.
“Bu sahədə Barak Obamanın administrasiyası xüsusilə fəallıq göstərmişdi. Biz sadəcə diplomatik qanunlara uyğun qarşılıq verdik, bu qanunları isə heç kim ləğv etməyib”, - deyə Lavrov bildirib.