BAKI, AzerVoice
Polşa, ABŞ ilə Patriot hava hücumundan müdafiə sisteminin lojistik dəstəyi üçün təxminən 2 milyard dollar dəyərində müqavilə imzalamağa hazırlaşır.
AzerVoice xəbər verir ki, Polşanın Müdafiə Naziri Vladislav Kosinyak-Kamış açıqlamasında müqavilənin əhatə dairəsi barədə məlumat verib.
O, bu addımın ölkənin müdafiə qabiliyyətini artıraraq NATO-nun şərq cinahında strateji mövqeyini gücləndirməyə xidmət etdiyini bildirib.
Bu müqavilə, həmçinin Avropanın müdafiə xərclərinə tənqidi yanaşan Donald Tramp administrasiyası ilə münasibətləri möhkəmləndirmək baxımından əhəmiyyətli hesab edilir.
ABŞ ilə razılaşdırılan müqavilə çərçivəsində Polşa Silahlı Qüvvələrinə Patriot hava hücumundan müdafiə sisteminin texniki dəstəyi, baxımı və təlim prosesləri təqdim olunacaq. Bu əməkdaşlıq ölkənin müdafiə infrastrukturunun gücləndirilməsinə töhfə verəcək.
Polşa Müdafiə Nazirliyi müqavilənin Patriot raket buraxılış qurğularının operativ hazırlıq səviyyəsini artıracağını açıqlayıb.
Qeyd edək ki, Rusiyanın 2022-ci ildə Ukraynaya hücumundan sonra Polşa NATO daxilində müdafiəyə ən çox büdcə ayıran ölkələrdən birinə çevrilib. 2024-cü ildə ÜDM-in 4.1 faizini müdafiə xərclərinə yönəltməyi planlaşdıran Varşava hökuməti, 2025-ci ildə bu rəqəmi 4.7 faizə çatdırmağı hədəfləyir.