Əsas səhifə » Malayziyada qaz kəməri partlayışında 100-dən çox insan yaralanıb

Malayziyada qaz kəməri partlayışında 100-dən çox insan yaralanıb

BAKI, AzerVoice

Malayziyanın Selangor əyalətində təbii qaz kəmərinin partlaması nəticəsində 100-dən çox insan yaralanıb.

AzerVoice xəbər verir ki, Malayziyanın Selangor əyalətində, Putra Heights ərazisində yerli vaxtla saat 08:10-da baş verən güclü partlayış nəticəsində 112 nəfər xəsarət alıb.

Partlayış, yaşayış məntəqələrinin yaxınlığında yerləşən təbii qaz boru kəmərində baş verib. Hadisə yerində başlayan yanğın saatlarla davam edərək, ətrafdakı evlərə və avtomobillərə də ziyan vurub. Yanğınsöndürmə briqadaları dərhal əraziyə gələrək ətrafdakı sakinləri təxliyə edib. İlkin məlumata görə, 49 ev zərər görüb.

Selangor əyalətinin səlahiyyətliləri, partlayışın baş verdiyi ərazinin yaxınlığında Putra Heights məscidinin fövqəladə mərkəz elan edildiyini açıqlayıb. Partlayış anının sosial mediada yayılan görüntülərində səmada alov buludları müşahidə olunub.

Yanğın və Xilasetmə İdarəsinin açıqlamasına görə, partlayışdan sonra qaz axını kəsilsə də, borudakı qazın hələ də bir müddət yanğına səbəb olduğu bildirilib. Partlayışın Malayziyanın milli neft şirkəti Petronas-a məxsus təbii qaz boru xəttində baş verdiyi müəyyən edilib. Hadisənin səbəbi ilə bağlı təhqiqat başlanıb və ərazidəki ziyanın qiymətləndirilməsi davam edir.

Qeyd edək ki, bu hadisə yerli sakinlər üçün böyük təhlükə yaradıb və hadisənin səbəbi hələ tam olaraq müəyyənləşdirilməyib.

Digər Kateqoriyalar

2025 © Azervoice