Əsas səhifə » Çində 100 milyon tonluq neft yatağı aşkar edilib

Çində 100 milyon tonluq neft yatağı aşkar edilib

BAKI, AzerVoice

Cənubi Çin Dənizinin şərqində 100 milyon ton sübut edilmiş rezervə sahib böyük bir neft yatağı aşkar edilib.

AzerVoice xəbər verir ki, bu barədə Çinin Milli Dəniz Neft Şirkəti (CNOOC) məlumat yayıb.

Məlumata görə, bu yataq, Çinin Quandun əyalətinin Şenjen şəhərindən təxminən 170 kilometr açıqda, orta hesabla 100 metr dərinlikdə yerləşir.

Aparılan qazmalar gündəlik 413 barel xam neft və 68 min kubmetr təbii qaz hasilatı verib. Son iki ildə bölgədə ardıcıl şəkildə 100 milyon ton rezervə sahib bir neçə neft yatağının kəşf edildiyi qeyd olunub.

Qeyd edək ki, Çin eyni zamanda nüvə texnologiyaları üçün həyati əhəmiyyətə sahib ehtiyatlar da aşkar edib. Çinli geoloqlar, İç Monqolustan əyalətinin Bayan Obo mədən kompleksində nəhəng 1 milyon tonluq toryum rezervi aşkar ediblər. Alimlərin sözlərinə görə, bu ehtiyat Çinin enerji ehtiyacını 60 min il təmin edə biləcək.

Toryum, aşağı radiasiya səviyyəsinə malik olub, ərimiş duz reaktorlarında istifadə oluna bilir və böyük miqdarda enerji istehsalı potensialına sahibdir. Çin 2029-cu ildə Gobi səhrasında dünyanın ilk toryum əsaslı nüvə elektrik stansiyasını istifadəyə verməyi planlaşdırır.

Bundan əlavə, Çin tərəfindən nüvə silahlarında da istifadə oluna bilən uran ehtiyatları da tapılıb.

Digər Kateqoriyalar

2025 © Azervoice