BAKI,AzerVoice
İranın ali lideri Əli Xamenei bu gün (bazar ertəsi) ölkəsinin hücuma məruz qalacağı təqdirdə "sərt cavab" veriləcəyini bəyan edib. AzerVoice xəbər verir ki, bu açıqlama ABŞ prezidenti Donald Trampın İranla nüvə proqramı barədə razılaşma əldə olunmasa, “İrana zərbə endirəcəyini” deməsindən sonra edilib.
Xamenei Fitr bayramı namazı zamanı Trampa işarə edərək : “Zərər vurmaqla hədələyirlər... Amma əgər bu baş verərsə, İran tərəfindən mütləq sərt cavab alacaqlar.” - deyib.
O bildirdi ki, əgər ABŞ Trampın İranı bombalamaq təhdidlərini reallaşdırarsa, İran buna güclü cavab verəcək. “Amerika ağır bir şillə yeyəcək.”-deyə ahıl yaşlı Xamenei bildirib.
ABŞ prezidenti Tramp, əgər İran nüvə proqramını inkişaf etdirməyə davam edərsə, ölkəni bombalamaqla hədələyib. NBC kanalına verdiyi müsahibədə Tramp : “Əgər (iranlılar) razılaşma imzalamasalar, bombalanacaqlar.” - deyib. O, həmçinin İrana qarşı “ikinci dərəcəli rüsumlar” tətbiq etməklə hədələyib.
“Frans Press Agentliyi”nin (AFP) verdiyi məlumata görə, Trampın bu bombalama təhdidlərinin yalnız Amerika təyyarələri ilə, yoxsa İsraillə birgə həyata keçirilən bir əməliyyatla bağlı olduğu aydın deyil.
İkinci prezidentlik dövründə Tramp, İranla yeni bir razılaşma üçün danışıqlara açıq olduğunu və bunun hərbi eskalasiya riskini azalda biləcəyini bəyan edib.
İran da bu gün (bazar ertəsi) Trampın yeni nüvə razılaşması üçün verdiyi son xəbərdarlıqdan sonra ABŞ ilə dolayı yolla danışıqlara açıq olduğunu bildirib. İranın xarici işlər naziri Abbas Araqçi “Dolayı danışıqlara yol açıqdır”, lakin Vaşinqtonla birbaşa danışıqların mümkün olmadığını söyləyib: “Əgər qarşı tərəfin İran İslam Respublikasına münasibəti dəyişməsə, birbaşa danışıqlar olmayacaq.”-deyə bildirib.
Trampın birinci prezidentlik dövründə, 2018-ci ildə ABŞ 2015-ci ildə imzalanmış nüvə sazişindən çıxmış və İrana qarşı sanksiyaları yenidən tətbiq etmişdi. Həmin sazişə görə, İranın nüvə proqramına məhdudiyyət qoyulması müqabilində ona qarşı sanksiyalar qaldırılırdı.
Mart ayının əvvəlində Tramp Xameneiyə məktub göndərdiyini və bu cür danışıqlar aparmağı təklif etdiyini açıqlamışdı.