BAKI, AzerVoice
Avropa İttifaqı (Aİ) ABŞ-ın rüsumlarına cavab verməyə hazırdır.
AzerVoice xəbər verir ki, bu sözlər Almaniyanın müvəqqəti kansleri Olaf Şoltsun verdiyi açıqlamada öz əksini tapıb.
Şolts bəyan edib ki, Avropa Birləşmiş Ştatlarla əməkdaşlıq etmək istəyir, lakin buna baxmayaraq Avropa İttifaqı (Aİ), ABŞ-ın ticarət rüsumlarına qarşı vahid cəbhə ilə cavab tədbirləri görməyə hazırdır.
Şolts qeyd edib ki, ticarət müharibələri bütün tərəflərə zərər verir.
"Avropa nə sadəlövhdür, nə də zəifdir. Buna görə də ABŞ-a müraciət edirəm: Avropanın məqsədi əməkdaşlıqdır. Amma əgər ABŞ bizə başqa seçim qoymazsa – məsələn, polad və alüminiuma tətbiq edilən rüsumlarda olduğu kimi – biz Aİ olaraq vahid şəkildə cavab verəcəyik", - deyə kansler bildirib.
Xatırladaq ki, fevralın 10-da ABŞ Prezidenti Donald Tramp, ölkəyə idxal olunan bütün polad və alüminiuma 25% gömrük rüsumu tətbiq olunması barədə göstəriş verib. Bu qərar martın 12-də qüvvəyə minib və Avstraliya, Argentina, Braziliya, Böyük Britaniya, Aİ, Kanada, Meksika, Cənubi Koreya və Yaponiyadan idxalı əhatə edir.
Martın 4-də ABŞ administrasiyası Kanada və Meksikadan olan idxalın demək olar ki, hamısına 25% gömrük rüsumu tətbiq edib, eyni zamanda Çindən gətirilən mallara tətbiq edilən tarifləri 10%-dən 20%-ə qaldırıb.
Martın 6-da isə Tramp, Kanada və Meksikadan olan bəzi mallara tətbiq ediləcək rüsumların aprelin 2-ə qədər qədər təxirə salınması haqqında sərəncam imzalayıb və bu tarixdən sonra əlavə güzəştlərin olmayacağını bildirib.