Əsas səhifə » Avropa ölkələri Ukraynaya hava və dəniz qüvvələri göndərməyi planlaşdırırlar

Avropa ölkələri Ukraynaya hava və dəniz qüvvələri göndərməyi planlaşdırırlar

BAKI, AzerVoice

Avropa ölkələri, Ukraynaya hava və dəniz qüvvələri göndərməyi nəzərdən keçirirlər.

AzerVoice xəbər verir ki, Avropanın diqqəti, quru qoşunlarının göndərilməsindən daha çox hava və dəniz qüvvələrinə yönəlib, çünki böyük miqdarda hərbi kontingentin yerləşdirilməsi ilə bağlı məhdudiyyətlər mövcuddur.

Bundan əlavə, bəzi ölkələr öz hava qüvvələrini Ukrayna və Qara dəniz üzərində hava patrul xidmətinə göndərməyi təklif edirlər.

Avropa ölkələri, həmçinin, gələcək bir neçə həftə ərzində Ukraynaya hərbi ekspertlərdən ibarət bir qrup göndərməyi planlaşdırır. Bu qrup, göndəriləcək kontingentin sayını və yerləşdiriləcəyi yeri müəyyən edəcək. Bundan əlavə, Avropa hərbçiləri, gələcəkdəki cəbhə xəttini qorumaq üçün Ukrayna ordusunun gücləndirilməsi ilə bağlı Kiyev hakimiyyəti ilə danışıqlar aparacaqlar.

Xatırladaq ki, martın 27-də Parisdə "istəkli koalisiya"nın sammiti keçirilib. Təxminən 30 ölkənin nümayəndələri, Ukraynadakı münaqişə bitdikdən sonra Kiyevə veriləcək mümkün təhlükəsizlik zəmanətlərini müzakirə ediblər. Sammitin əsas mövzularından biri Ukraynada hərbi kontingent yerləşdirmək məsələsi olub. ABŞ bu sammitə qatılmayıb.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov, martın 12-də bildirib ki, NATO qüvvələrinin hər hansı bir bayraq altında və ya hər hansı bir vəziyyətdə Ukraynada mövcudluğu Rusiya üçün təhdiddir. Moskva bunun heç bir şərtlə qəbul edilməyəcəyini bəyan edib.

Digər Kateqoriyalar

2025 © Azervoice