BAKI,AzerVoice
Cənubi Koreyanın Cənubi Gyeongsang və Şimali Gyeongsang əyalətlərində martın 21-də başlayan və dünən nəzarət altına alınan meşə yanğınları yenidən alovlanıb. Hadisə nəticəsində ölənlərin sayı 30-a, yaralıların sayı isə 40-a yüksəlib.
AzerVoice xəbər verir ki, Gyeongbuk
Yanğın Departamenti yerli vaxtla saat 22:00 radələrində Şimali
Gyeongsang əyalətinin Andong şəhərinin kənd ərazisində tüstünün
yüksəldiyini və səhər saatlarında yanğının gücləndiyini
bildirib.
Hadisə bölgəsinə çoxlu sayda yanğınsöndürmə qrupu göndərilib. Rəsmi
məlumatlara görə, 48 min hektar ərazi yanğınlardan zərər çəkib,
6885 nəfər isə hələ də müvəqqəti təxliyə mərkəzlərində qalır.
Cənubi Koreyanın müvəqqəti prezidenti Han Duk-soo yanğından zərərçəkənlərə inzibati və maliyyə dəstəyi göstəriləcəyini bildirib. O, hökumətin cavab sisteminin yenidən nəzərdən keçiriləcəyini və iqlim dəyişikliyi səbəbilə bu cür yanğınlara hazırlığın artırılacağını vurğulayıb.
Qeyd edək ki, Koreya Meşə Təsərrüfatı Xidmətinin məlumatına görə, Şimali Gyeongsang əyalətindəki yanğınlar tam nəzarət altına alınıb, Cənubi Gyeongsang əyalətində isə yanğının 93 faizinin söndürüldüyü açıqlanıb. Təbii şəraitin, xüsusilə yağışların və temperaturun aşağı düşməsinin söndürmə işlərini asanlaşdırdığı bildirilib.