Əsas səhifə » Myanmada zəlzələ qurbanlarının sayı 1000-i keçib

Myanmada zəlzələ qurbanlarının sayı 1000-i keçib

BAKI,AzerVoice

Myanmada baş verən 7,7 və 6,4 bal gücündə ardıcıl iki zəlzələ nəticəsində ölənlərin sayı 1002-yə, yaralıların sayı isə 2376-ya çatıb.

AzerVoice xəbər verir ki, zəlzələlər Myanmanın paytaxtı Nepidodan şimalda, Saqainq şəhərinin 16 kilometr şimal-qərbində, yerin təxminən 10 kilometr dərinliyində qeydə alınıb. Hadisə nəticəsində dağıntıların artdığı və ölənlərin sayının yüksələcəyi ehtimal olunur.

Çin, Rusiya və Hindistan Myanmaya yardım qrupları və xilasetmə ləvazimatları göndərib. Çindən göndərilən 37 nəfərlik komanda istilik detektorları və dronlarla xilasetmə işlərinə dəstək verəcək. Rusiya Fövqəladə Hallar Nazirliyi isə bölgəyə 120 xilasedici və humanitar yardım ləvazimatları göndərib. Hindistan da xilasetmə və tibbi qruplarla yanaşı, zəruri ehtiyaclar üçün müxtəlif ləvazimatlar yollayıb.

Qeyd edək ki, BMT Myanmada zəlzələ nəticəsində yaranan humanitar böhranı aradan qaldırmaq üçün 5 milyon dollar məbləğində fövqəladə yardım fondu ayırıb. Humanitar təşkilatlar, o cümlədən Qırmızı Xaç, zəlzələdən ən çox zərər çəkən bölgələrdə elektrik kəsintiləri və dağıntılar səbəbindən yardımların çatdırılmasında çətinliklər yaşandığını bildirib.

Digər Kateqoriyalar

2025 © Azervoice