BAKI, AzerVoice
İngiltərə Kralı III Çarlz xərçəng müalicəsinin müvəqqəti yan təsirləri səbəbilə xəstəxanaya yerləşdirilib.
AzerVoice xəbər verir ki , Bukingem Sarayı Kral Çarlzın xərçəng müalicəsinin yan təsirlərindən dolayı qısa müddətlik xəstəxanaya yerləşdirildiyini açıqlayıb. Müşahidə altında saxlanıldıqdan sonra Kral Clarence House-a geri qayıdıb, lakin onun sabahkı rəsmi proqramı ehtiyat tədbiri olaraq ləğv edilib.
Rəsmi açıqlamada bildirilir ki, bu səhər planlaşdırılan xərçəng müalicəsindən sonra Kral Çarlz müvəqqəti yan təsirlər yaşayıb və qısa müddət ərzində xəstəxanada müşahidə altında saxlanılıb. Hazırda səhhətinin stabil olduğu və həkimlərin tövsiyəsi əsasında yaxın günlərdə istirahət edəcəyi qeyd olunub.
Qeyd edək ki, Kral Çarlz 2024-cü ilin yanvarında prostat böyüməsi ilə əlaqədar xəstəxanaya yerləşdirilmiş, yanvarın 29-da evə buraxılmışdı. Fevralın 5-də isə Bukingem Sarayı onun müayinə zamanı xərçəng diaqnozu aldığını açıqlamış, lakin xərçəngin növü və mərhələsi barədə ətraflı məlumat verilməmişdi. Kralın müalicəsi hazırda davam edir.