Bakı, AzerVoice
Ər-Riyadda ekspert qrupları arasında aparılan məsləhətləşmələr nəticəsində əldə olunmuş razılaşmalarla bağlı Rusiya prezidenti Vladimir Putin ilə ABŞ prezidenti Donald Tramp arasında ali səviyyədə danışıqlar hələ ki planlaşdırılmır.
AzerVoice xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Peskov, həmçinin, bildirib ki, Rusiya və ABŞ nümayəndə heyətləri arasında danışıqların yeni mərhələsinin konkret tarixi hələ müəyyən olunmayıb, lakin iki ölkə arasındakı dialoq yenə də davam etdiriləcək.
Məlumat üçün bildirək ki, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp, iki ölkə arasında münasibətlərin bərpası və Ukraynadakı vəziyyətin həlli üçün diplomatik dialoq başlatmışdılar. Bu çərçivədə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən Rusiya-Amerika danışıqları 12 saat davam edib və əsas mövzu Qara dəniz təşəbbüsünün bərpası olub.
Kreml və Ağ Ev bildiriblər ki, Rusiya və ABŞ uzunmüddətli sülhə nail olmaq üçün səylərini davam etdirəcəklər. Tərəflər, həmçinin Rusiya və Ukraynadakı enerji obyektlərinə zərbələrin vurulmasının 30 günlük qadağasını (18 mart 2025-dən başlayaraq) nəzərdə tutan razılaşma əldə ediblər. Bu qadağa pozularsa, tərəflər razılaşmadan çıxmaq hüququna malikdir.