BAKI, AzerVoice
Alimlərin araşdırmalarına görə, Venesiya 2150-ci ilə qədər yenidən ciddi daşqınlarla üzləşə bilər.
AzerVoice xəbər verir ki, İtaliyanın ANSA agentliyinin yaydığı məlumata görə, Milli Geofizika və Vulkanologiya İnstitutunun (INGV) koordinasiya etdiyi beynəlxalq araşdırma Venesiyanın gələcəkdə daşqın riski ilə üzləşəcəyini göstərib.
Araşdırmada iqlim dəyişikliyinə əsaslanan proqnozlar əsasında Venesiya Laqunundakı dəniz səviyyəsinin yüksələcəyi və şəhəri qorumaq üçün istifadə edilən "MOSE" elektromexaniki maneələrinin 2150-ci ilə qədər təsirsiz ola biləcəyi qeyd edilib. Həmçinin, 2050, 2100 və 2150-ci illər üçün fərqli daşqın ssenariləri tərtib edilib.
Qeyd edək ki, Venesiya 1966 və 2019-cu illərdə böyük daşqınlar yaşayıb. Şəhəri qorumaq məqsədilə 2003-cü ildə inşasına başlanan "MOSE" sistemi 2020-ci ildən istifadəyə verilib. Bununla belə, alimlər onun gələcəkdə yetərsiz qala biləcəyini bildirirlər.