Bakı, AzerVoice
BMT, Rusiya, ABŞ və Ukrayna arasında Qara dənizdə təhlükəsiz gəmiçiliyin təmin olunması ilə bağlı əldə edilmiş razılaşmaları alqışlayıb.
AzerVoice xəbər verir ki, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrikin brifinq zamanı verdiyi açıqlamada deyilir.
“Mətbuatda yayılan bəyanatları gördük və təbii ki, biz bu razılaşmaları alqışlayırıq”, – deyə o bildirib.
Bununla belə, Düjarrik BMT-nin Qara dənizdə təhlükəsiz gəmiçiliyin təmin olunmasında iştirakına dair əlavə məlumat vermək üçün hələ tez olduğunu bildirib.
O həmçinin qeyd edib ki, BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) baş katibi Rebeka Qrinspan, Rusiya xarici işlər nazirinin müavini Sergey Verşininlə Moskvada keçirdiyi məsləhətləşmələrdən sonra Türkiyəyə səfərə yola düçüb. Lakin onun səfərinin məqsədi açıqlanmayıb.
Məlumat üçün bildirək ki, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp, iki ölkə arasında münasibətlərin bərpası və Ukraynadakı vəziyyətin həlli üçün diplomatik dialoq başlatmışdılar. Bu çərçivədə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən Rusiya-Amerika danışıqları 12 saat davam edib və əsas mövzu Qara dəniz təşəbbüsünün bərpası olub.
Kreml və Ağ Ev bildiriblər ki, Rusiya və ABŞ uzunmüddətli sülhə nail olmaq üçün səylərini davam etdirəcəklər. Tərəflər, həmçinin Rusiya və Ukraynadakı enerji obyektlərinə zərbələrin vurulmasının 30 günlük qadağasını (18 mart 2025-dən başlayaraq) nəzərdə tutan razılaşma əldə ediblər. Bu qadağa pozularsa, tərəflər razılaşmadan çıxmaq hüququna malikdir.