Bakı, AzerVoice
Kiyev ABŞ-ın AES-lər üzərində nəzarəti olmadan faydalı qazıntılarla bağlı sazişi imzalamağa hazırdır.
AzerVoice xəbər verir ki, bu barədə Ukrayna prezident ofisinin müşaviri Sergey Leşenko məlumat verib. Xəbəri TASS agentliyinə istinadla Kazinform yayıb.
Leşenkonun sözlərinə görə, Ukrayna yalnız fevralın sonunda hazırlanmış, atom elektrik stansiyaları (AES) ilə bağlı heç bir yeni əlavəsi olmayan razılaşmanı imzalaya bilər.
"Ola bilsin ki, müqaviləni genişləndirmək istəyirlər. Hələ ki genişləndirilmiş versiya təqdim olunmayıb, yalnız Nazirlər Kabinetindən keçmiş versiya mövcuddur. Bu versiya, imzalanmaq üçün Ağ Evə göndərilən versiyadır. Başqa versiya yoxdur. Əgər başqa bir versiya olacaqsa, o da əvvəlcə Nazirlər Kabinetinə göndərilməli, səsvermədən keçməli və sonra imzalamağa hazır olmalıdır", – deyə o bildirib.
O qeyd edib ki, hazırda aparılan danışıqlar texniki xarakter daşıyır və siyasi razılaşma yoxdur.
Leşenko, müqavilənin nəyin hesabına genişləndirilə biləcəyi ilə bağlı suala cavab olaraq ABŞ-ın Ukraynadakı AES-lər üzərində nəzarətlə bağlı bəyanatlarını xatırladıb.
“Hazırkı mərhələdə bu məsələ müqaviləyə daxil edilməyib”, – deyə o qeyd edib.
Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ administrasiyası və Ukrayna hakimiyyəti faydalı qazıntılar ilə bağlı razılaşmanın hazırlanmasını demək olar ki, tamamlayıblar və tezliklə onu imzalayacaqlar.
Həmçinin xatırladaq ki, Tramp ilə Zelenski arasında baş tutan telefon danışığından sonra Vaşinqton, Ukraynaya atom elektrik stansiyalarının istismarı məsələsində yardım göstərə biləcəyini bəyan etmişdi.