Bakı, AzerVoice
ABŞ Prezidenti Donald Tramp, Boeing aerokosmik korporasiyasına NGAD (Next-Generation Air Dominance – Növbəti Nəsil Hava Üstünlüyü) proqramı çərçivəsində yeni nəsil qırıcı təyyarənin hazırlanması üçün müqavilə imzalayıb.
AzerVoice xəbər verir ki, bunu Tramp Ağ Evin Oval kabinetində, Pentaqon rəhbəri Pit Heqsetlə birlikdə çıxış edərkən deyib.
Tramp bildirib ki, yeni qırıcı təyyarənin adı F-47 olacaq. O qeyd edib ki, bu qırıcı təyyarənin hazırlanması artıq uzun müddətdir davam edir və eksperimental modelin sınaq uçuşları beş ildir ki, aparılır. Tramp əminliklə bildirib ki, F-47 digər ölkələrin istifadəsində olan aviasiya texnikasından əhəmiyyətli dərəcədə üstün olacaq.
Pentaqon rəhbəri Pit Heqsetin sözlərinə görə, əvvəlki administrasiya bu proqramı dayandırmışdı.
Trampın sözlərinə görə, F-47 çoxsaylı dronların müşayiəti ilə uçacaq:
“Bu təyyarə dronlarla birgə uçur. Bu yeni texnologiyadır. O təkbaşına uçmur – ətrafında çoxlu sayda pilotsuz uçuş aparatı olur və bu, başqa təyyarənin edə bilmədiyi bir şeydir,” – deyə Tramp bildirib.
O, F-47-nin “ən müasir gizlənmə texnologiyası” ilə təchiz olunduğunu vurğulayıb:
“O, demək olar ki, görünməzdir və misilsiz gücə sahibdir. Bu tipdə yaradılmış bütün təyyarələr arasında ən güclüsüdür. Onun manevr qabiliyyəti də bənzərsizdir,” – deyə Tramp qeyd edib.
Tramp bildirib ki, təyyarə o qədər sürətlidir ki, Amerikanın düşmənləri onun gəlişini heç vaxt görə bilməyəcəklər.