Bakı, AzerVoice
Ukrayna nümayəndə heyəti 24 mart tarixində Ər-Riyadda keçiriləcək danışıqlarda Rusiya nümayəndə heyəti ilə birbaşa təmas qurmağı planlaşdırmır, yalnız ABŞ nümayəndələri ilə görüşlər gözlənilir.
AzerVoice xəbər verir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi Georgiy Tixiy deyib.
“Biz ora ABŞ ilə ikitərəfli danışıqlar üçün gedirik”,- deyə Tixiy bildirib.
Eyni zamanda o, mümkün vasitəçilik danışıqlarının baş verə biləcəyini də istisna etməyib. O, Türkiyə və BMT vasitəçiliyi ilə kənd təsərrüfatı məhsullarının ixracı ilə bağlı əvvəlki razılaşmanı xatırladıb.
“Biz bir sənəd imzalamışdıq, Rusiya tərəfi isə başqa bir sənəd. Bu dəfə də belə olacağını demirəm, bu bir nümunədir”, – deyə Tixiy vurğulayıb.
O əlavə edib ki, danışıqlar Ər-Riyadın otellərindən birində keçiriləcək və Rusiya ilə Ukrayna nümayəndə heyətləri ayrı otaqlarda yerləşəcək.
Tixiy əlavə edib ki, Ukrayna nümayəndə heyəti müzakirələrdə əsas diqqəti atəşkəs rejiminə, onun necə idarə olunacağına və nəzarətin necə həyata keçiriləcəyinə yönəldəcək.
Xatırladaq ki, Ukrayna prezidenti Volodimir Zelenski, martın 24-ü Səudiyyə Ərəbistanında Ukrayna və ABŞ texniki heyətlərinin görüş keçirəcəyini bildirmişdi. Ukrayna nümayəndə heyətinin tərkibi rəsmi olaraq açıqlanmayıb.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov isə demişdi ki, həmin gün Ər-Riyad şəhərində Rusiya və ABŞ ekspertləri arasında Ukrayna məsələsinə dair məsləhətləşmələr olacaq.